“Günay Bank” 9 ayı mənfəətlə başa vurub

“Günay Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 616 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 399 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Günay Bank”nın gəlirləri 17,079 milyon manat (illik müqayisədə 5 % çox), xərcləri 15,655 milyon manat (10,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 620 min manat (64,5 % az), mənfəət vergisi ödəmələri isə 187 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Günay Bank”ın aktivləri 289,895 milyon manat olub ki, bu da illik müqayisədə 13,2 % çoxdur. Bunun 187,652 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,1 % artıb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 16,5 % artaraq 222,151 milyon manata, o cümlədən depozit portfeli 13,2 % artaraq 116,59 milyon manata, balans kapitalı isə 3,4 % artaraq 67,743 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45 %-lik səhmdarı), 40,05 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55 %-lik səhmdarı), 2,67 %-i Günay İldırımzadəyə, 2,31 %-i Xanım Məmmədovaya, 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Digər xəbərlər