“Ferrum Kapital”ın aktivləri 3 % azalıb

Azərbaycanın aparıcı faktorinq xidməti “Ferrum Kapital” QSC 2023-cü ili 2,265 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,1 % çoxdur.

Ötən il “Ferrum Kapital”ın vergiyəqədərki mənfəəti 2,839 milyon manat (əvvəlki ilə nisbətən 6,4 % çox), mənfəət vergisi ödəmələri isə 574 min manat (7,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 58,751 milyon manat olub ki, bu da illik müqayisədə 2,7 % azdır. Bunun 40,242 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 4,3 % böyüyüb.

Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 % artaraq 52,832 milyon manata, balans kapitalı isə 40,5 % azalaraq 5,919 milyon manata çatıb.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), “AQA Şirkətlər Qrupu” MMC (4,5 %) və “Vesta İnvestment” MMC-dir (4,5 %).

Digər xəbərlər