“Express Bank”ın mənfəəti 3 dəfədən çox artıb

“Express Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 348,662 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 20,8% azdır.

“Express Bank”ın aktivlərinin 221,789 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,2% böyüyüb.

Hesabat dövründə “Express Bank”ın cəmi öhdəlikləri 23,4% azalaraq 225,934 milyon manat, o cümlədən depozit portfeli 31% azalaraq 180,366 milyon manata, cəmi kapitalı isə 15,4% azalaraq 122,728 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında “Express Bank”ın gəlirləri 25,767 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,5% çox), xərcləri 22,84 milyon manat (10,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 201 min manat (83,6% az) təşkil edib. Son nəticədə Bank I yarımili 3,128 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 3,15 dəfə çoxdur.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

Digər xəbərlər