Avrasiya İnkişaf Bankı (EDB) Mərkəzi Asiya regionunda ümumi dəyəri təxminən 72 milyard ABŞ dollarına çatan 114 cari və planlaşdırılan infrastruktur layihəsi qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə EDB-nin İnteqrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Aydos Omarov "Avrasiyada nəqliyyat dəhlizlərinin infrastrukturu: inkişafın nəticələri və əsas investisiya tendensiyaları" adlı təqdimatda bildirib.
"Mərkəzi Asiya ölkələr arasında ticari-iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə yeni marşrutların inşası üçün əhəmiyyətli resurslar tələb edən geniş avtomobil yolları şəbəkəsinə malikdir. Bu kateqoriya layihələrin payına regionun ümumi investisiyalarının yarısından çoxu - 40,6 milyard ABŞ dolları düşür. Əhəmiyyətinə görə ikinci yeri dəmir yolu infrastrukturu tutur və onun payına bütün investisiyanın təxminən 30 %-i düşür", - A.Omarov qeyd edib.
Ekspert həmçinin deyib ki, ümumi kapital qoyuluşlarının yarısından çoxu (56 %) milli büdcələrdən maliyyələşdiriləcək: "Bununla yanaşı, investisiyaların 44 %-i büdcədənkənar xarici mənbələrdən cəlb ediləcək. Bu strukturda xarici investisiyalar ayrıca fərqlənir ki, onlar da demək olar ki, tamamilə Çinin payına düşür".