Avrasiya İnkişaf Bankı (EDB) Azərbaycanın banka qoşulmasından sonra ölkə üzrə makroiqtisadi proqnozlar dərc etməyə başlayacaq.
"Report" xəbər verir ki, bunu EDB-nin Analitik İş Direktorluğunun rəhbəri Aleksey Kuznetsov Almatıda keçirilən "2026-2028-ci illər üçün makroiqtisadi proqnoz" hesabatının təqdimatında agentliyin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, iyun ayında bankın makroiqtisadi proqnozu Özbəkistanın üzvlüyü hesabına genişləndirilib və bu ölkə üçün EDB-nin bütün altı üzv ölkəsinin iqtisadiyyatının təhlili və proqnozlaşdırılmasında istifadə edilən kompleksə bənzər xüsusi model kompleksi hazırlanıb.
"İndi Özbəkistan bütün makroiqtisadi nəşrlərimizdə və monitorinqlərimizdə yer alır. Azərbaycan banka qoşulma mərhələsinə çatdıqdan və analoji prosedurlardan keçdikdən sonra müvafiq alətlər kompleksi hazırlayacağıq və ölkə mütəmadi olaraq makroiqtisadi nəşrlərimizdə yer alacaq", - A.Kuznetsov qeyd edib.