EBRD Azərbaycan üçün risklərə qarşı yeni tənzimləyici çərçivə layihəsini hazırlayır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda biznesləri valyuta mübadiləsi və faiz dərəcəsi ilə bağlı risklərdən qorunmaq üçün yeni tənzimləyici çərçivə layihəsi üzərində işləyir.

“Report” bu barədə banka istinadən xəbər verir.

Məlumata görə, EBRD Azərbaycandan başqa Bolqarıstan, Misir, Mərakeş, Ukrayna və Özbəkistanda oxşar layihələr üzərində işləyir.

Qeyd edək ki, EBRD artıq Qazaxıstan müəssisələri üçün çərçivəni təqdim edib. Tənzimləyici çərçivə Netting qanunundan və 77 saylı Qətnamədən ibarətdir.

Netting Qanunu çoxsaylı maliyyə öhdəliklərini birləşdirərək və ya cəmləşdirərək iki və ya daha çox tərəf arasında maliyyə müqavilələrindəki riskləri azaltmağa kömək edir.

EBRD-nin Qazaxıstan üzrə nümayəndəsi Hüseyn Özhan deyib ki: “Bu hüquqi bazanın qəbulu yerli kapital bazarları üçün mühüm mərhələdir. Qlobal miqyasda təlatümlü olan bu dövrlərdə Qazaxıstan bizneslərinin risklərini azaltmaq üçün sərfəli hedcinq alətləri ilə təmin etmək həmişəkindən daha vacibdir. Bu həm də banka ölkədə yeni layihələrin maliyyələşdirilməsi üçün yerli valyuta tapmağa kömək edəcək”.

Xatırladaq ki, EBRD 1992-ci ildən Azərbaycanda 185 layihəyə ümumilikdə 3,656 milyard avro investisiya yatırıb. EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 14 % təşkil edir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 836 milyon avro.

Digər xəbərlər