Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 4 % artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 15 milyard 080,3 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4 % çoxdur.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsindən 4 % artaraq 15 milyard 048,3 milyon manat təşkil edib.

Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla ayda 140 manat çox əmtəə alıb.

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2022-ci ilin 6 ayına nisbətən 2,7 % artaraq 9 milyard 079,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 % artaraq 6 milyard 000,6 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % artaraq 60,2 % təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq, o cümlədən 14,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin birinci yarısı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,2 % artıb.

Digər xəbərlər