Bu ilin I yarısında Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operatoru olan Böyük Britaniyanın “Anglo Asian Mining” (AAM) şirkətinin gəlirləri 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə azalaraq 13,4 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə 2024-cü ilin ilk 6 ayı üzrə Azərbaycandakı fəaliyyətinin aralıq yekunlarını dərc etmiş şirkətə istinadən xəbər verir.
Şirkət qeyd edir ki, gəlirin azalması hesabat dövründə filizin agitasiya üsulu ilə aşındırılması və flotasiya qurğularının dayandırılması ilə əlaqədardır.
Şirkətin bu ilin yanvar-iyun aylarında vergidən əvvəlki zərəri 2023-cü ilin birinci yarısındakı 1,4 milyon ABŞ dolları məbləğində vergiyəqədərki mənfəətə qarşı 5,5 milyon ABŞ dolları təşkil edib. "Bu zərər filizin topa aşındırma və flotasiya üsulu ilə emalı proseslərinin qismən dayandırılması və daha yüksək maliyyə xərclərindən qaynaqlanıb”, - AAM qeyd edib.
Bu dövr ərzində AAM-ın ümumi zərəri 2023-cü ilin 6 ayı ərzində 5,6 milyon ABŞ dolları məbləğində ümumi mənfəətə qarşı 1,7 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyun aylarında şirkətin maliyyə xərcləri daha çox borclanma ilə əlaqədar 2023-cü ilin I yarısı ilə müqayisədə 1,7 dəfə artaraq 1,2 milyon ABŞ dolları təşkil edib.
30 iyun 2024-cü il tarixinə AAM-ın əməliyyat fəaliyyətindən əldə etdiyi xalis pul vəsaiti 3,2 milyon ABŞ dolları (artım 5,3 dəfə), mal ehtiyatları isə bazar dəyəri təxminən 3 milyon ABŞ dolları olan 1 463 unsiya qızıl təşkil edib.
Hesabat aylarında şirkət yataqların işlənməsi və digər əsaslı xərclərə 6,3 milyon ABŞ dolları (azalma 4,5 %) yönəldib.
Bu ilin iyun ayının sonuna AAM-ın xalis borcu 12 milyon ABŞ dolları (31 dekabr 2023-cü il tarixinə - 10,3 milyon ABŞ dolları) təşkil edib. Şirkət hesabat dövründəki zərərlə əlaqədar cari il üçün aralıq dividendləri açıqlamayıb.
AAM həmçinin 2024-cü il üçün Azərbaycanda qiymətli metal hasilatı üzrə proqnozları 15 min unsiyadən 19,5 min unsiyaya qədər qızıl ekvivalenti səviyyəsində saxlayıb. Eyni zamanda, qızıl hasilatı 14 min unsiyadan 16 min unsiyaya qədər, mis hasilatı isə 250-850 ton səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, bu ilin I yarısında AAM Azərbaycanda 5 270 unsiya qızıl ekvivalentində (azalma 4,4 dəfə) qiymətli metal hasil edib. Eyni zamanda, bu dövrdə 4,704 min unsiya qızıl (azalma 67,8 %), 100 ton mis (azalma 18,7 dəfə), 12,740 min unsiya gümüş (azalma 71,5 %) hasil edilib. Qeyd olunan dövrdə şirkət dünya bazarlarında bir unsiyasının orta qiyməti 2,174 min ABŞ dolları olan 6 min unsiya qızıl külçənin (azalma 42,9 %) satışını həyata keçirib.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 8 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir.