"Bravo"nun yeni istiqrazlarına 11 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manatlıq yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 11 investor qiymət intervalı 1001,2735 manat (10,45%) və 1 053,826 manat (8,456%), ümumi məbləği isə 18,784 milyon manat olan 14 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1 052,4731 manat (8,5%), orta ölçülmüş qiyməti isə 1 052,6888 manat (8,492%) müəyyən olunub.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər