“Başak İnam Sığorta”nın aktivləri 27% azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Başak İnam Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,677 mln. manat təşkil edib. 

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 27,1% azdır.

2016-cı ildə “Başak İnam Sığorta”nın uzunmüdddətli aktivləri 12,7% azalaraq 2,019 mln. manat, qısamüddətli aktivləri isə 32% azalaraq 4,657 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 31,9% azalaraq 756 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 37,1% azalaraq 637 min manat, qısamüddətli öhdəlikləri isə 21,4% azalaraq 118 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 26,4% azalaraq 5,921 mln. manata düşüb.

2016-cı ildə “Başak İnam Sığorta”nın cəmi gəlirləri 1,386 mln. manat (2015-ci ilə nisbətən 61,7% az), cəmi xərcləri isə 2,891 mln. manat (13,8% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə zərəri 1,506 mln. manat olub. Xatırladaq ki, ötən ildən fərqli olaraq “Başak İnam Sığorta” əvvəlki ili mənfəətlə başa vurub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

“Başak İnam Sığorta” bir qədər əvvəl bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına razılıq verib. Bununla belə, şirkətin səhmdarlarının aprelin 4-də keçirilmiş növbədənkənar ümumi yığıncağında bazarı tərk etməklə qərarın icrasının müvəqqəti təxirə salınmasına, “Başak İnam Sığorta”nın ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərindən biri ilə birləşməsi istiqamətində iş aparılmasına, ən pis halda isə onun satılmasına qərar verilib. 

Digər xəbərlər