"Bank VTB (Azerbaijan) mobil əlavə hazırlayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC "VTB Online" internet bankçılıq xidmətinə dəstək üçün "VTB eToken" adlı yeni mobil əlavəsini müştərilərin istifadəsinə verib. Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, "VTB eToken" fasiləsiz olaraq hər 60 saniyədən bir, birdəfəlik parollar yaradan əlavədir. Bu parolları daxil etməklə, müştəri özünün "İnternet Banking" səhifəsinə daxil ola və tranzaksiya əməliyyatlarını təsdiqləyə bilər.

Yeni əlavə tətbiq olunanadək avtorizasiya və tranzaksiyaların təsdiqlənməsi üçün bankın müştəriləri mobil telefona gələn SMS-xəbərdarlıq vasitəsi ilə aldıqları birdəfəlik paroldan istifadə edir və ya "ASAN İmza" elektron imzasını daxil edirdi. Yeni əlavə hesabına müştərilərin seçimi artıb və indi istifadəçilər "VTB eToken", SMS-xəbərdarlıq və ya "ASAN İmza" avtorizasiya üsulundan birini seçə bilər.

İstifadə etmək üçün "VTB eToken" əlavəsini "Google Play"dən və "Apple Store"dan "Android" və ya "iOS" bazalı mobil qurğuya yükləmək, quraşdırmaq kifayətdir. "VTB eToken" istifadəçinin "İnternet Banking"i ilə sinxronlaşdırıldıqdan sonra, əlavə avtomatik şəkildə parollar yaratmağa başlayır. "VTB eToken" əlavəsi oflayn rejimdə çalışdığına görə, parol əldə etmək üçün internet bağlantısı tələb olunmur. Eləcə də, əlavənin işləməsi üçün mobil şəbəkə dəstəyi tələb olunmadığından telefon şəbəkə xaricində olduqda belə (o cümlədən, ölkədən kənarda) əlavədən istifadə etmək mümkündür.

Qeyd edək ki, ölkənin yüksək texnologiyalı korporativ bankına çevrilməyi qarşısına məqsəd qoyan "Bank VTB (Azerbaijan)" inkişaf strategiyası çərçivəsində yaxın zamanlarda "Mobile Banking"in tətbiqini planlaşdırır.

Digər xəbərlər