“Bank of Baku” ASC 2022-ci ili 36,866 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 59,9 % çoxdur.
Ötən il “Bank of Baku”nun gəlirləri 111,874 milyon manat (əvvəlki illə müqayisədə 43,7 % çox), xərcləri 77,776 milyon manat (35,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 12,104 milyon manat (8,8 % çox), mənfəət vergisi ödəmələri isə 9,335 milyon manat (7,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 701,232 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41 % çoxdur. Bunun 514,536 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 49,4 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 43,5 % artaraq 578,371 milyon manata, o cümlədən depozit portfeli 47,9 % artaraq 365,533 milyon manata, balans kapitalı isə 30 % artaraq 122,861 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.