“Bank of Baku” ASC bu ilin I yarısını 14,135 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,4 % çoxdur.
Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 92,271 milyon manat (illik müqayisədə 14,1 % çox), xərcləri 73,403 milyon manat (9,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 197 min manat (4,9 dəfə az), mənfəət vergisi ödəmələri isə 4,93 milyon manat (34,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 1 milyard 44,951 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,9 % çoxdur. Bunun 756,92 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,9 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 9,3 % artaraq 886,573 milyon manata, o cümlədən depozit portfeli 14 % artaraq 661,375 milyon manata, balans kapitalı isə 13,1 % artaraq 158,378 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.