"Bank Avrasiya"nın mənfəəti 54 % azalıb

“Bank Avrasiya” ASC bu ilin I yarısını 1,054 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 53,6 % azdır.

Yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 8,45 milyon manat (illik müqayisədə 7,6 % az), xərcləri 4,965 milyon manat (9,9 % az), xüsusi ehtiyatlara ayırmaları 2,455 milyon manat (80,1 % çox), gözlənilməz gəlirləri 25 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 196,178 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9 % azdır. Bunun 119,894 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,1 % kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 12 % azalaraq 114,601 milyon manata, o cümlədən depozit portfeli 16,1 % azalaraq 62,07 milyon manata düşüb, balans kapitalı isə 7,3 % artaraq 81,577 milyon manata, o cümlədən nizamnamə kapitalı 43,6 % artaraq 71,8 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər