“Bank Avrasiya”nın aktivləri 2 % azalıb

“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3,953 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,6 dəfə çoxdur.

9 ay ərzində “Bank Avrasiya”nın gəlirləri 14,27 milyon manat (illik müqayisədə 26,4 % çox), xərcləri 8,345 milyon manat (33,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,972 milyon manat (50,1 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 202,244 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Bunun 126,103 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21 % böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 6,1 % azalaraq 124,482 milyon manat, o cümlədən depozit portfeli 1,4 % artaraq 65,308 milyon manat, balans kapitalı isə 6,7 % artaraq 77,762 milyon manat olub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər