“Bank Avrasiya”nın aktivləri 16 % azalıb

“Bank Avrasiya” ASC bu ilin I rübünü 1,202 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,7 % azdır.

Yanvar-mart aylarında “Bank Avrasiya”nın gəlirləri 4,128 milyon manat (illik müqayisədə 6,9 % az), xərcləri 2,265 milyon manat (12,2 % az), xüsusi ehtiyatlara ayırmaları 686 min manat (2,3 dəfə çox), gözlənilməz gəlirləri 25 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Bank Avrasiya”nın aktivləri 183,967 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % azdır. Bunun 121,849 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7 % böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 29,2 % azalaraq 102,292 milyon manata, o cümlədən depozit portfeli 32,1 % azalaraq 50,328 milyon manata düşüb, balans kapitalı isə 8,3 % artaraq 81,676 milyon manata, o cümlədən nizamnamə kapitalı 43,6 % artaraq 71,8 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər