“Bakı Sığorta” ASC 2022-ci ili 103 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 1,712 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bakı Sığorta”nın gəlirləri 7,052 milyon manat (əvvəlki ilə nisbətən 81,3 % çox), xərcləri 6,933 milyon manat (23,8% çox), mənfəət vergisi ödəmələri isə 16 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 12,726 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,6 % artaraq 4,77 milyon manata, balans kapitalı isə 1,3 % artaraq 7,956 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).