“Bakı Fond Birjası” QSC (BFB) 2022-ci ili 256 min manat xalis zərərlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5,2 % azdır.
Ötən il BFB-nin vergiyəqədərki zərəri 195 min manat (əvvəlki ilə nisbətən 35,4 % az), mənfəət vergisi ödəmələri isə 62 min manat (əvvəlki il vergi ödəmələrinə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,937 milyon manat olub ki, bu da illik müqayisədə 2,8% azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 18,9 % artaraq 1,433 milyon manat çatıb, balans kapitalı isə 5,2 % azalaraq 10,504 milyon manata düşüb.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.