“Azesteel Company” illik 10 %-lə, 1,5 milyon manatlıq istiqraz buraxır

“Azesteel Company” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd, yəni 1,5 milyon manatlıq faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər