"Azəristiliktəchizat" zərərdən mənfəətə keçib

"Azəristiliktəchizat" ASC ötən ili 1,033 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 21,431 milyon manat zərərlə çıxmışdı.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 1,2 % azalaraq 88,546 milyon manata enib.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 187,617 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % azalaraq 47,7 milyon manata, balans kapitalı isə 0,7 % artaraq 139,917 milyon manata yüksəlib.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

Digər xəbərlər