“AzerGold” yarım illik maliyyə göstəricilərini açıqlayıb

“AzerGold” QSC bu ilin I yarısını 1,171 milyon ABŞ dolları xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti ötən ilin eyni dövründən 11,215 milyon ABŞ dolları xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “AzerGold”un satışdan gəlirləri 40,357 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 16,1 % az), satışının maya dəyəri 32,324 milyon ABŞ dolları (20,7 % çox), ümumi və inzibati xərcləri 10,087 milyon ABŞ dolları (33,4 % çox), kəşfiyyat üzrə xərcləri 949 min ABŞ dolları (1 il bundan əvvəl olmayıb), faiz gəlirləri 77 min ABŞ dolları (1 il bundan əvvəl xərc olub), digər gəlirləri 1,693 milyon ABŞ dolları (57,2 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 62 min ABŞ dolları (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.

Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 394,948 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 36,3 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3 dəfə artaraq 137,905 milyon ABŞ dollarına, balans kapitalı isə 5,1 % artaraq 257,043 milyon ABŞ dollarına, o cümlədən nizamnamə kapitalı 3,8 dəfə artaraq 137,356 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Digər xəbərlər