Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığortaçıların təlim-tədris proqramlarının yaradılması və müvafiq iştiqamətlər üzrə təlimlərin təşkili üzrə görüş keçirilib.
“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Tədris Mərkəzinin direktoru Anar Həsənov, "Express Group Training & Consulting" şirkətinin rəhbəri Abbas Abbaslı və sığorta bazarı üzrə ekspert Orxan Həsənov iştirak edib.
M.Abbasbəyli qeyd edib ki, sığorta bazarının inkişafı üçün sığorta münasibətlərinin peşəkar iştirakçılarının (vasitəçilər, ekspertlər, qiymətləndiricilər, yardımçı fəaliyyətlə məşqul olan digər şəxslər) bilik və təcrübə səviyyələrinin artırılmasına böyük ehtiyac var. O həmçinin bildirib ki, ASA-da sığorta bazarında bilik səviyyəsinin artırılması üzrə xüsusi inkişaf strateqiyası hazırlanmaqdadır.
Görüşdə sığorta şirkətlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə sorğunun keçirilməsi və gələn tələblər əsasında fərqli kəsimlər üzrə təlim layihələrinin hazırlanması – proqramların yazılması və beynəlxalq səviyyəli peşəkar təlimlərin təşkil edilməsi üzrə müvafiq işlərə başladılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, indiyə qədər ASA-nın təşkilatçılığı ilə aktuari, agentlərin sertifikasiyası, PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) və CII Award in General Insurance təlimləri keçirilib.