Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus "Azericard" MMC prosessinq mərkəzi 340 milyon əməliyyat həyata keçirib.
"Report" xəbər verir ki, bunu şirkətin Baş direktoru Fərid Quliyev Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.
"Azərbaycan ödəniş sektorunu fəal şəkildə inkişaf etdirir, bu sahədə artım və innovasiyalar üçün yeni imkanlar açır. Ölkə ödəniş sistemlərini modernləşdirməklə onu investisiya və texnologiya startapları üçün cəlbedici etmək baxımından səylər göstərir. Bu addımlar Azərbaycanı regionda maliyyə texnologiyaları üzrə ön sıralara çıxararaq, gələcək iqtisadi artıma və qlobal maliyyə sisteminə inteqrasiyaya zəmin yaradır", - deyə Baş direktor əlavə edib.