Azərbaycanın lombard şirkətinin səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC-nin 400 min manatlıq adi, sənədsiz, adlı səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 20 manat olan 20 000 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 400 min manat və yaxud 101 dəfə artaraq 4 min manatdan 404 min manata çatacaq.

Digər xəbərlər