Azərbaycanın lombard şirkətinin istiqrazlarının 2-ci tranşına 20 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 1,3 milyon manat dəyərində 2-ci tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 300 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 20 investor 1,156 milyon manatlıq 20 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə 88,9 % olmaqla baş tutub.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

Digər xəbərlər