Azərbaycanın kollektor agentliyinin səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin 86 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 manat olan 86 000 ədəd yeni səhm abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bütün səhmlər yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 22,5 dəfə artaraq 4 min manatdan 90 min manata çatacaq.

Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.

Digər xəbərlər