"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda içki istehsalı ilə məşğul olan "A+Co" ASC-nin 190 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 manat olan 190 000 ədəd yeni səhm sabah abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir. Bütün səhmlər yerləşdirilsə, "A+Co"nun nizamnamə kapitalı 20 dəfə artaraq 10 min manatdan 200 min manata çatacaq.
Xatırladaq ki, "A+Co" 1997-ci ildə yaradılıb. Onun səhmləri 100 % Məhayət Nəbiyevə məxsusdur.