Azərbaycanın aqrar şirkətinin xalis mənfəəti 29 %-dək azalıb

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2021-ci ili 2,45 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 28,8 % azdır.

Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin əsas əməliyyat gəlirləri 44,49 milyon manat (illik müqayisədə 54,1 % çox), satışın maya dəyəri 35,289 milyon manat (60 % çox), kommersiya xərcləri 1,332 milyon manat (4 dəfə çox), inzibati xərcləri 4,735 milyon manat (66 % çox), maliyyə xərcləri 114 min manat (əvvəlki il olmayıb), gəlirdən çıxılan vergilər 2,3 min manat (53,3 % çox), mənfəət vergisi ödəmələri isə 568 min manat (3,1 dəfə çox) təşkil edib.

2022-ci ilin yanvarın 1-nə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”n aktivləri 21,447 milyon manat olub ki, bu da, illik müqayisədə 1,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,7 % azalaraq 15,482 milyon manata, balans kapitalı isə 68,6 % artaraq 5,965 milyon manata çatıb.

Xatırladaq ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin səhmlərinin 100 %-i Afaq Hüseyn qızı Məcidovaya məxsusdur.

Digər xəbərlər