"Holcim Azerbaijan" ASC 2022-ci ili 6,613 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 145,568 milyon manat (əvvəlki ilə nisbətən 26,6 % çox), satışının maya dəyəri 76,796 milyon manat (24,7 % çox), çatdırılma xərcləri 27,317 milyon manat (22 % çox), ümumi və inzibati xərclər 14,481 milyon manat (31,5 % çox), satış xərcləri 3,382 milyon manat (91,9 % çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 1,431 milyon manat (2,1 dəfə az), maliyyə xərcləri 8,365 milyon manat (11,6 % az), məzənnə fərqindən zərəri 275 min manat (1 il bundan əvvəl gəlir olub), digər gəlirləri 603 min manat (2,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 7,511 milyon manat (78,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 280 milyon manat olub ki, bu da illik müqayisədə 1,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5,4 % azalaraq 143,238 milyon manata, balans kapitalı isə 2,6 % artaraq 136,762 milyon manata çatıb.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.