Azərbaycanda sığorta şirkətlərinin ola biləcək risklərə qarşı davamlılıq səviyyəsi açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda məlumat verib.
O bildirib ki, Azərbaycanda sığorta şirkətlərinin 245 milyon manat nizamnamə kapitalı var: “Bu, o deməkdir ki, bu gün hər hansı böyük risk hadisəsi baş verərsə və məbləğ 245 milyon manatı ötərsə, bu halda sığorta şirkətlərinin nə edəcəyi məlum deyil. Təbii ki, Azərbaycanda bu halın yaşanma riski azdır, çünki sığorta şirkətlərinin katastrofik risklərlə bağlı təminatı var. Amma bu da bütün sığorta şirkətlərinə aid deyil. Çünki bir sıra sığorta şirkətlərində katastrofik risk təminatı yoxdur. Bu səbəbdən sığorta şirkətlərinin ola biləcək risklərə qarşı katastrofik təminatı olmalıdır”.
R. Əhmədov qeyd edib ki, sığorta şirkəti bütün kapitalı üzrə daşınmaz əmlakın icbari sığorta ödənişlərini həyata keçirir və nəticədə ödəmə qabiliyyətini itirir: “Qanunvericiliyin tələbi ilə İcbari Sığorta Bürosu tərəfindən ödəmə qabiliyyətini itirmiş sığorta şirkətinin öhdəlikləri üzrə kompensasiya ödənişləri həyata keçirilir. "İcbari sığortalar haqqında" qanuna əsasən Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur”.
İcraçı direktor diqqətə çatdırıb ki, ümumilikdə Azərbaycanda 1 milyon 128 min yaşayış yeri qeydiyyata alınıb: “Azərbaycanda 235 min sığortalı ev/mənzil var ki, bunların sığorta dəyəri 3,4 milyard manat Bakıda, 1,6 milyard manat isə digər ərazilərdə olmaqla 5 milyard manat təşkil edir. Həmçinin 46 min 500 sığortalı qeyri-yaşayış üzrə 16 milyard manat Bakıda, 15 milyard manat isə digər ərazilərdə olmaqla sığorta məbləğləri 31 milyard manatdır”.