Azərbaycanda sığorta haqlarının hesablanması qaydası dəyişəcək

Azərbaycanın sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır.

Bu barədə "Report"a İcbari Sığorta Birliyindən (İSB) bildirilib.

“Mərkəzi Bank sığorta sektoruna bir nəzarət qurumu olaraq bu sahədə hüquqi bazanın inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müntəzəm olaraq işlər aparır. Xüsusi ilə tarif dərəcələrinin təkmilləşdirilməsi və risk əsaslı sığorta haqqı hesablanması qaydalarının tərtib edilməsi istiqamətində müvafiq olaraq işlər aparılmaqdadır”, - İSB-dən verilən məlumatda deyilir.

Həmçinin bildirilib ki, risk əsaslı sığorta haqqının hesablanması üsulu dünya təcrübəsində də geniş istifadə olunur:

“Bu üsul tətbiq olunduqdan sonra sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsalat tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaqdır. Bu şəkildə yəni risk əsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm ədalətli şəkildə sığorta haqlarının ortaya çıxmasına həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər”.

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daqxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır. Məsələn, əmlaka dəymiş ziyana görə 5 min manat, sağlamlığa dəyilmiş ziyana görə 50 min manat sığorta ödənişi ödənilir. Baxmayaraq ki, son 11 ildə həm avtomobil ehtiyat hissələrinin, həm də tikinti materiallarırnın qiyməti çox dəyişib. Həmçinin tibb xidmətlərinin dəyəri də artıb.

Sığorta üzrə ekspert İlkin İbrahimov hesab edir ki, həm sığorta təzminatları, həm də sığorta haqları artmalıdır ki, vətəndaşlar və sığorta şirkətləri üçün daha rahat olsun.

Ekspert bildirib ki, hazırda sığorta ödənişlərində müəyyən problemlər var:

“Əvvəlki illərə baxanda bu il sığorta ödənişləri demək olar ki, iki dəfə azalıb. Bu özlüyündə yaxşı hal deyil. Əgər sığorta tarifləri dəyişməsə, sığorta mübahisələri daha da çoxala bilər. Çünki sığorta şirkəti istəyir ki, xərci az çıxsın, vətandaş isə əksinə, daha keyfiyyətli xidmət gözləyir. 11 il əvvəl müəyyən olunmuş qiymətlə də bu gün həmin xidmət alınmır. Qiymətin dəyişməsi ilə vəziyyəti yumşaltmaq, problemləri azaltmaq olar.

Sığorta tariflərinin məbləğinin qalxmasını əngəlləyən məsələlərdən biri sosial yükün olması göstərilir”.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,4 dəfə azdır.

3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.

Digər xəbərlər