AMB real sektorun maliyyə əlçatanlığının genişləndirilməsi üzrə yeni maliyyə aləti tətbiq edəcək

Avqustun 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlayacaq.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB-nin təqdim etdiyi maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcək.

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb. Həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəltməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamika proqnozlaşdırmasına əsas verib. Ölkənin suveren reytinqinin artması ilə kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Buu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir. Cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB onların uyğun maliyyə alətləri ilə dəstəklənməsini zəruri hesab edib və yeni maliyyə mexanizminin tətbiqinə qərar verib.

Proqram, həmçinin 1 avqust tarixində qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində cəlb olunmuş və artıq qeyd olunan hədəf qruplarının maliyyələşdirilməsində istifadə olunmuş vəsaitləri də əhatə edəcəkdir. Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50 %-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcək.

Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcəkdir.

Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.

Digər xəbərlər

Azəristiliktəchizat auditor seçir 23 dekabr, 2025 / 16:51