Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 94 milyon 102 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 11,1 % artaraq 17 milyon 019 min manata çatıb.
Beləliklə, il ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 18,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 16,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.