Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 322,696 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,8 % azalaraq 123,887 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-avqust aylarında 46 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır. 8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub.

Digər xəbərlər