Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə 419,508 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği 199,945 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,4 % çoxdur.
Yanvar-noyabr aylarında qeyri-həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,3 manat olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 767,914 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429,849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,8 % çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,6 manat olub.