Azərbaycanda qeyri-həyat sığortası bazarı 3 % kiçilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 286,344 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,1 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 12,5 % azalaraq 106,679 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 41,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,9% azdır.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.

Digər xəbərlər