Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 284,82 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 31,2 % artaraq 104,48 milyon manata çatıb.
Beləliklə, 5 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 28,9 manat olub.
Xatırladaq ki, yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.