Azərbaycanda qeyri-həyat sığortası bazarı 14 % böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 320,124 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 26,1 % artaraq 121,663 milyon manata çatıb.

Beləliklə, 6 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 30,6 manat olub.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.

Digər xəbərlər