Azərbaycanda qeyri-həyat sığortası bazarı 11 % kiçilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 182,184 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,4 % azalaraq 61,892 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci yanvar-aprel aylarında 38 manat olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48% azdır.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.

Digər xəbərlər