Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 29 % artıb

Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq – 8 milyard 074 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 053 milyon manatı (87,4 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 16 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 461 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1 % az, ilin əvvəli ilə müqayisədə 2,8 %, ötən ilin eyni dövrünə nisbətən 14,5 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 17,7 % artaraq 18,344 milyon, kredit kartlarının sayı isə 7,2 % azalaraq 2,117 milyon olub. Mayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,66 milyard manat (illik müqayisədə 22,6 % çox) və 811 milyon manat (15,7 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 9 %, POS-terminalların sayı isə 42,4 % artaraq müvafiq olaraq 3 416 ədəd (Bakı üzrə 1 828 ədəd) və 134 852 ədəd (Bakı üzrə 82 104 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Digər xəbərlər