Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 559,287 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 221,326 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,5 % çoxdur.
Beləliklə, 7 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 42,6 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 31,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 282,977 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,4 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.