Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 193,989 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 38,899 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 62,7 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 20,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-mart aylarında 67 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.