Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 553,565 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 246,767 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 62,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.