Azərbaycanda könüllü sığorta bazarı 20 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 438,710 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 186,783 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,1 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 62,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,9% azdır.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.

Digər xəbərlər