Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 171,427 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 52,591 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
Beləliklə, 2023-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 17,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.
2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Bir il əvvəl bu göstərici 21,8 manat olub.