Azərbaycanda IPO-ya çıxışı asanlaşdırmaq üçün Akselerator Proqramı işə salınacaq

Azərbaycanda özəl müəssisələrin İlkin Kütləvi Təklifə (IPO) çıxışlarını asanlaşdırmaq üçün Akselerator Proqramı işə salınacaq.

“Report” xəbər verir ki, bu, “Bakı Fond Birjası” QSC-nin (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

"Bununla yanaşı, böyük və orta həcmli şirkətlərin məlumat bazası yaradılacaq. IPO-ya uyğunluğun qiymətləndirilməsi üçün mövcud bazada şirkətlərin kənar təhlili aparılacaq", - BFB bildirir.

Plana əsasən, Azərbaycanda fərdi investorların və özəl sektorun səhm bazarı üzrə təşəbüssələri təşviq ediləcək. Fərdi investorlar tərəfindən əlavə səhm investisiyalarının proqnozlaşdırıla bilən həcmi 165 milyon manat, özəl müəssisələrin səhm bazarı kapitalizasiyasının proqnozlaşdırıla bilən artımı isə 500 milyon manatdır.

Bildirilir ki, fərdi investorlar investisiya şirkətləri, kommersiya bankları və onların onlayn/mobil kanalları vasitəsilə rahat investisiya hesabları aça biləcək.

Bununla bağlı, BFB-nin bazar- texniki infrastrukturu təkmilləşdiriləcək, eləcə də bankların, kapital bazarları vasitəçiləri və MDM-in texniki sistemləri ilə sinxronlaşdırılacaq.

"Fərdi investorlar üçün investisiya hesablarının açılması kampaniyalarının keçirilməsi planlaşdırılır. Həmçinin ali təhsil müəssisələrində tələbələrin demo və real hesabların açması təşviq ediləcək", - planda deyilir.

BFB-nin statistikasına əsasən, əgər 2017-ci ildə Azərbaycan səhm bazarı ümumi qiymətli kağızlar bazarının 5,2 %-ni təşkil edirdisə, 2024-cü ilin birinci rübündə onun payı 0,33 %-ə qədər azalıb. Yerli səhm bazarı 2017-ci ildə korporativ qiymətli kağızlar bazarının 82,7 %-ni təşkil edirdisə, bu il bu göstərici cəmi 1,6 %-dir.

Digər xəbərlər