Bu ilin I rübündə Azərbaycanda icbari sığorta növlərinin hesabına 91,138 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 29,927 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5 % çoxdur.
Beləliklə, 3 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 30,8 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7 % çoxdur.
Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.