Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 388,383 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,8 % artaraq 167,736 milyon manata çatıb.
Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin 7 ayında 45,7 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 31,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 282,977 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,4 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.
Azərbaycanda 5 həyat sığortası şirkəti (“PAŞA Həyat”, “Atəşgah Həyat”, “Qala Həyat”, "Xalq Həyat" və “Meqa Həyat”) fəaliyyət göstərir.
Həyatın yığım sığortası sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır (“Sığorta fəaliyyəti haqqında” Qanun Maddə 1.1.24.).
Qanunun 14-cu maddəsinə əsasən həyat sığortasının 5 sinifi mövcuddur: həyatın ölüm halından sığortası, həyatın yaşam sığortası, annuitet sığorta, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və sağalmaz xəstəliklərdən sığorta.
Həyatın yaşam sığortası həyatın yığım sığortasına aiddir. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası sinifidir.
Sadə dildə desək, şəxs həyat sığorta şirkəti ilə 3 illik (36 aylıq) həyatın yaşam sığortası müqaviləsi bağlayır və razılaşır ki, hər ay sığortaya 300 manat pul köçürəcək. 3 ilin sonunda yığılacaq məbləğ 300*36=10 800 manat təşkil edir. Bu məbləğ müqavilə bağlanan zaman sığorta müqaviləsində qeyd edilir və 3 il müddəti ərzində sığortalanan şəxs vəfat edərsə bu məbləğ onun ailə üzvlərinə ödənilir, yox əgər sağ qalarsa bu məbləği şəxs özü götürür. Adətən qeyd olunan məbləğin üzərinə əlavə investisiya faizləri də gəlir.