Azərbaycanda həyat sığortası bazarı 30 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 433 milyon 317 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 30,4 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 22,9 % artaraq 196 milyon 348 min manata çatıb.

Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin 8 ayında 48,1 manat olub.

Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846 milyon 854 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345 milyon 796 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.

Digər xəbərlər