Azərbaycanda həyat sığortası bazarı 27 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 369,208 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,2 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 12,9 % azalaraq 178,597 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-sentyabr aylarında 70,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.

Qeyd edək ki, həyatın yığım sığortası sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır (“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.24.).

Qanunun 14-cu maddəsinə əsasən həyat sığortasının 5 sinifi mövcuddur: həyatın ölüm halından sığortası, həyatın yaşam sığortası, annuitet sığorta, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta və sağalmaz xəstəliklərdən sığorta.

Həyatın yaşam sığortası həyatın yığım sığortasına aiddir. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası sinifidir.

Sadə dildə desək, şəxs həyat sığorta şirkəti ilə 3 illik (36 aylıq) həyatın yaşam sığortası müqaviləsi bağlayır və razılaşır ki, hər ay sığortaya 300 manat pul köçürəcək. 3 ilin sonunda yığılacaq məbləğ 300*36=10 800 manat təşkil edir. Bu məbləğ müqavilə bağlanan zaman sığorta müqaviləsində qeyd edilir və 3 il müddəti ərzində sığortalanan şəxs vəfat edərsə bu məbləğ onun ailə üzvlərinə ödənilir, yox əgər sağ qalarsa bu məbləği şəxs özü götürür. Adətən qeyd olunan məbləğin üzərinə əlavə investisiya faizləri də gəlir.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22